«Məndə çox adamın videosu var» - Gülər Əhmədova Az

«Məndə çox adamın videosu var» - Gülər ƏhmədovaABU-nun sabiq rektoru Elşad Abdullayev məlum videonu yayandan sonra YAP-çı deputat Gülər Əhmədova bir neçə gün susqunluq nümayiş etdirdi. Lakin oktyabrın 1-dən etibarən vəziyyətin dəyişməsi müşahidə olunur. Öz Facebook səhifəsində insult olması barədə xəbər yayan (sonradan bu xəbəri onun yaxınları da təsdiqlədilər) xanım deputat qəfildən fəallaşdı və hətta sağa-sola təhdidlər, qınaqlar da yağdırmağa başladı.
 
Məsələnin maraqlı tərəfi budur ki, G.Əhmədovanın həmin qınaqlarında əslində bir təhdid tonu da var. Bu ton müxbirimizlə onun telefon danışığında da hiss olundu. Öncə qəzetimizə açıqlama verməkdən imtina edən sabiq deputat dedi ki, gərək "Yeni Müsavat” onun barəsindəki videomaterialı yaymayaydı; həm də onun sahibi olduğu "Mərkəz” qəzetinin reklamını musavat.com-dan yığışdırmayaydı. 

Bunun ardınca isə Gülər xanımdan ünvanımıza yüngül, örtülü təhdid silsiləsi gəlir: "Necə yazırlar, qoy davam etsinlər, görək nə olur”...Doğrusu, redaksiya rəhbərliyi müxbirimizlə onun danışığının lent yazısını dinləyəndə heyrətə gəlib. Ölkə miqyaslı bir qalmaqalın baş qəhrəmanı özünü biabır edən, barəsində cinayət işi açılan bir siyasətçi dönüb başqalarını ittiham edirsə, suçlayırsa, hədələyirsə, bu məqamda heyrətlənməmək mümkün deyil. 19 sentyabrdan - E.Abdullayev məlum videogörüntülər barədə mətbuata müraciət edəndən biz bu barədə yazmadıq. 

Sabiq rektorun şübhəli reputasiyası, eləcə də qəzetimizlə çəkişməsi, üstəlik, G.Əhmədova ilə normal münasibətlərimizin olması bizi bu mövzuya ehtiyatla yanaşmağa vadar edirdi. Lakin ilk olaraq "Azadlıq” qəzetinin saytında yayılan videogörüntülərdən sonra kənarda qalmaq, mövzunu işıqlandırmamaq mümkün deyildi. Bunları əsas gətirən müxbirimiz Gülər xanıma iradları qarşılığında deyib: "Axı siz də qəzetçisiniz, bu işləri bilirsiniz. O videonu biz necə yaymaya bilərdik? Hər kəs yaydığı halda biz yaymasaydıq, qəzetin reputasiyası hansı vəziyyətə düşərdi?”Və bu məqamda aldığımız cavab olduqca ilgincdir. Yazaq, oxucular da heyrətlənsin. 

G.Əhmədova bizə qəzetçilik dərsi keçərək deyir: "Mən qəzetçi olmamışdan əvvəl normal, namuslu və qeyrətli bir adamam”.Onun özü barədə bu cür düşünməsi ilə işimiz yoxdur. Lakin bu ifadələr həmin videonu yayan, onunla bağlı reportajlar verən media quruluşlarının hamısına təhqirdir. Yəni həmin qəzetlərə və qəzetçilərə...G.Əhmədova ətrafında cərəyan edən olaylarla bağlı geniş danışmaq istəmədiyini də vurğulayıb. 

Deyib ki, agentliklərə danışıb, bunlar yetərlidir.Sonda Gülər xanım məlum və naməlum bütün ünvanlara növbəti təhdidini ünvanlayıb: "Necə başlayıblar, elə də davam etsinlər, hamıya uğurlar arzulayıram. Mən çox adamın videosunu ortaya qoya bilərəm, ondan multik çəkə bilərəm. Elşad Abdullayevin yaydığı video heç kimə lazım deyildi. O gəlsin bura, danışarıq” - deyə Gülər Əhmədova öz fikrini bildirib. 
 
qafqazinfo.az